Baş xəbərlər07.09.2011 14:47 Türkiyə Respublikası üçüncü dəfədir ki, “AITF-2012” sərgisində tərəfdaş ölkə kimi iştirak edir!
Artıq üçüncü ildir ki, Türkiyə Respublikası gələn il keçiriləcək Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisində tərəfdaş ölkə kimi çıxış edir. Əməkdaşlıq haqqında müqavilə bu ilin avqust ayında imzalanmışdır və türk şirkətlərinin kollektiv stenddə iştirakını nəzərdə tutur. Bundan başqa, Türkiyə Respublikası sərgi stendini nəzərəçarpacaq dərəcədə (110 m2) artırmışdır və bu, ötən il ilə müqayisədə 20% çoxdur. “ - Türkiyə vətəndaşlarımızın istirahəti üçün ən çox tələb olunan istiqamət olaraq qalır və bununla əlaqədar, biz “AITF” sərgisində Türkiyə Respublikasının yenidən tərəfdaş ölkə kimi iştirak etmək qərarını alqışlayırıq”, deyə “AITF” layihəsinin rəhbəri Xəyal Əliyeva bildirmişdir: “ - Biz əminik ki, bu sərgi sayəsində Türkiyəli turoperatorlar öz turizm potensiallarını nümayiş etdirmək və həmkarları ilə işgüzar əlaqələr yaratmaq üçün çox gözəl imkan qazanacaqlar”. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm məsələləri üzrə müşaviri cənab Nizami Musayev isə öz növbəsində bunları qeyd etmişdir: “- Biz şadıq ki, regionun ən böyük turizm tədbiri olan “AITF” sərgisində yenidən tərəfdaş ölkə kimi iştirak edirik. Məlum olduğu kimi, bu sərgi Azərbaycanda turizm mövsümünü açır və “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Türkiyənin turizm üzrə bütün tərəf və istiqamətlərinin ən səmərəli nümayişi üçün əla bir meydança olacaq”. “AITF-2012” sərgisi 2012-ci il aprel ayının 12-dən 14-dək “Bak Expo” sərgi mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Böyük Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.
bütün xəbərlər
|