Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

29.11.2011 10:44

Palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması Azərbaycanın turizm sektoruna marağı daha da artıracaqdır

27.09.2011 [11:29]

Bakı, 27 sentyabr (AzərTAc). Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanlarının “Pilpilə”, “Yanardağ”, “Bozdağ”, “Axtarma”, “Qaynaca”, və s. yerli adları da vardır. Tarixi məlumatlara görə, Azərbaycan ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 milyon il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə çatır. Azərbaycanda 1810-cu ildən indiyədəK 50 vulkan təqribən 200 dəfə püskürmüşdür.
Palçıq vulkanları əsasən fəaliyyət göstərən və sönmüş olurlar. Təbiətdə hündür və alçaq, sualtı və yeraltı vulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Palçıq vulkanları bir qayda olaraq qaz və neft ehtiyatlarının toplandığı ərazilərə təsadüf edilir. Bu fakt Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olmasını bir daha sübut edir.
Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyi rolunu oynayır. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.
Onların tərkibində bir çox kimyəvi elementlər vardır. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Bu vulkanlar neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Eyni zamanda, vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub-şərq batımının, Küryanı ovalığın, Bakı arxipelaqı, Abşeron yarımadası və Abşeron arxipelaqının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar.
Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq artıq 50 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilmişdir.
Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində ardıcıl olaraq digər tədbirlər də həyata keçirilməkdədir.
Dövlətimizin başçısının Sərəncamında, həmçinin palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması da önə çəkilmişdir.
Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Dünyada “Palçıq vulkanlarının diyarı” kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu imkandan yetərincə yararlanmaq üçün lazımi işlər görülməkdədir.
Məlum olduğu kimi, 2010-cu ildən başlayaraq internet vasitəsilə “Təbiətin 7 möcüzəsi” mövzusunda Beynəlxalq müsabiqə keçirilir. Müsabiqəyə Azərbaycanın palçıq vulkanları da təqdim olunmuşdur. İnternet səsverməsinə cari ilin payızında yekun vurulması gözlənilir. Sevindirici haldır ki, ölkəmiz hazırda bu yarışmada liderlər sırasındadır. Əgər Azərbaycanın palçıq vulkanları dünyanın 7 təbiət möcüzəsindən biri kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı baxımından böyük nailiyyət əldə edə biləcəyik.
Yeri gəlmişkən qeyd edək ki, AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədilə istifadə edilməsi üçün “Bələdçi” sorğu kitabı hazırlamışdır. Kitabda 25 vulkan barəsində məlumat verilmişdir. Müəllif həmin ərazilərə turist marşrutlarının açılmasını təklif etmişdir. Bundan əlavə, alim Xəzər-Zirə və Qarasu vulkan adalarından da turizm məqsədilə istifadə olunmasını məqsədəuyğun hesab edir.
Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri elan edildiyi indiki mərhələdə Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda-Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist o palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac vardır.
Bir faktı qeyd edək ki, 2007-ci ildə dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi keçirilmişdi. Türkiyədəki Ayasofya abidəsi bu müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu müsabiqənin nəticəsi olaraq 2007-ci ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni görməyə gəlmişdi. Şübhəsiz, analoyi addım ölkəmizdə də atılsa, xarici turistlər də palçıq vulkanlarımız haqqında internetdən məlumat əldə edub Azərbaycana gəlmək, onları görmək istəyəcəklər.
Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir. Dünya təcrübəsində mədə-bağırsaq, pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Ümid edirik ki, əlaqədar orqanların, Səhiyyə və Mədəniyyət və Turizm nazirliklərinin işbirliyi nəticəsində bu sahələrin yaxın gələcəkdə ciddi dönüş yaradılacaqdır. Bu da, şübhəsiz, Azərbaycana turist axının güclənməsinə, eyni zamanda, ölkəmizin dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan yaradardı. “Turizm ili”ində bu layihənin reallaşdırılmasına başlanması, söz yox ki, ikiqat əhəmiyyətə malik addım olardı...

Abdulla Suvar
AzərTAc-ın müxbiri

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek