Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

15.08.2011 15:42

Hindistan Azərbaycanla turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir - səfir

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir S.Ağayeva/

Hindistan Azərbaycanla turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirmək və müqavilə-hüquq bazasını gücləndirmək niyyətindədir. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou ölkənin milli bayramı - Mütəqillik Günü ilə əlaqədar Trend-ə müsahibəsində deyib.

"Son vaxtlar xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərdə müəyyən irəliləyişlər müşahidə olunur", - səfir bildirib.

Diplomat qeyd edib ki, ölkələrimiz arasında siyasi əməkdaşlıq yaxşı səviyyədədir, hökumətlər və xalqlar arasında qarşılıqlı anlaşma mövcuddur. O bildirib ki, bu münasibətlərin yaxın vaxtlarda daha da möhkəmlənəcəyindən əmindir.

Şounun sözlərinə görə, yaxın vaxtlarda siyasi əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılması planlaşdırılır.

Ticari-iqtisadi münasibətlər

Səfir bildirib ki, Hindistan aqrar sektorda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə bu yaxınlarda Hindistanın nümayəndə heyəti Azərbaycanda olub. Nümayəndə heyəti Azərbaycan tərəfi ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

"Bu ilin iqtisadi göstəriciləri bu sahədə müəyyən irəliləyişlər olduğunu göstərir", - Şou qeyd edib.

Onun sözlərinə görə, mövcud hökumətlərarası Ticari-iqtisadi və elmi-texniki komissiya da Azərbaycan və Hindistan arasında ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Yaxın vaxtlarda Bakıda komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılır.

"Hazırda Hindistanın işgüzar dairələrinin nümayəndələrinin Azərbaycana səfərini təşkil etməyi planlaşdırırıq. Onlar hökumətin nümayəndə heyətinin tərkibinə daxil olacaqlar", - diplomat bildirib.

O əlavə edib ki, bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası da Hindistanın biznes imkanları ilə tanış olmaq üçün Azərbaycan sahibkarlarının bu ölkəyə səfərini təşkil etmək niyyətindədir.

Şounun sözlərinə görə, hazırda iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsi üzərində də iş gedir, qarşılıqlı investisiyaların təşviqi və qorunması, ikili vergiqoymanın ləğvi və s. barədə saziş layihələri razılaşdırılır.

"Bu sazişlərin imzalanması işgüzar adamların əməkdaşlığa marağını artıracaq", - diplomat vurğulayıb.

Səfir qeyd edib ki, son vaxtlar humanitar əməkdaşlıqda da irəliləyiş əldə olunub. Hindistan mədəniyyəti və incəsənətinin nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunub.

"Hazırda iki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsi müzakirə edilir", - diplomat əlavə edib.

Ötən il oktyabrın sonunda Azərbaycan Dillər Universitetində hind dili fakültəsi açılıb. Fakültədə hindistanlı professor dərs deyir. Bu il fakültənin tələbələrinin sayının artacağı gözlənilir.

Diplomatın fikrincə, iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri turizmdir.

Səfirin sözlərinə görə, Hindistan Turizm Təşkilatının nümayəndələri artıq iki ildir Azərbaycanda turizm sargilərində iştirak edirlər və öz ölkələrinin turizm imkanlarını təmsil edirlər.

"Hindistan Azərbaycanla bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bunun üçün iki ölkə arasında birbaşa hava xəttinin yaradılmasını vacib hesab edirik. Tezliklə birbaşa hava nəqliyyatına dair saziş layihəsi üzərində iş başa çatacaq və onun imzalanması turizm sahəsində əməkdaşlığın inkişafına böyük kömək göstərəcək", - Şou vurğulayıb.

Onun sözlərinə görə, Hindistan Azərbaycan turistlərinin ölkəyə cəlb edilməsi üçün vizaların verilməsi qaydalarını sadələşdirib.

"Hər il 1000-dən çox azərbaycanlı turist Hindistana gəlir və Azərbaycanın Hindistandakı səfirliyi də təxminən bir o qədər sayda ölkəyə gəlmək üçün viza verir. Əminəm ki, gələcəkdə turist axını daha da artacaq", - səfir deyib.

Hindistanın müstəqilliyinin 64-cü ildönümü

Avqustun 15-də Hindistan ən böyük bayramını - Müstəqillik Gününü - Hindistanın Böyük Britaniyanın əsarətindən azad olunduğu günü qeyd edir. Müstəqillik Günü 1947-ci ildən qeyd edilir.

1947-ci il avqustun 15-də Hindistanın müstəqillik aktı qüvvəyə minib və Dehlidə Qırmızı İstehkamın divarları üzərində ölkənin ilk Baş naziri Cavaharlal Nehru tərəfindən böyük xalq kütləsi ilə birgə müstəqil Hindistanın üçrəngli bayrağı qaldırılıb. Bununla da qədim ölkənin tarixində yeni mərhələ başlayıb.

"Müstəqillik əldə edildikdən sonra Hindistanda ərzaq təhlükəsizliyinin təmini, xalqın rifahının yaxşılaşdırılması sahəsində ciddi irəliləyişlər əldə olunub. Son illər ərzində beynəlxalq arenada Hindistanın nüfuzu əhəmiyyətli dərəcədə artıb", - səfir deyib.

Onun sözlərinə görə, Hindistan BMT-nin digər əksər üzvləri kimi, bəşəriyyətin qlobal problemlərinin həlli məqsədilə elan edilən "Minilliyin inkişaf məqsədləri" proqramına qoşulub və bu prqoram çərçivəsində təhsil, siyasət, qadınlara səlahiyyətlərin verilməsi kimi sahələrdə irəliləyişlərin əldə olunması nəzərdə tutulur.

"Biz bu istiqamətdə böyük səy göstəririk və güman edirəm ki, 2015-ci ilədək proqramın həyata keçirilməsində müəyyən uğurlara nail olacağıq", - diplomat bildirib.

O deyib ki, Hazırda Hindistanın qarşısında böyük vəzifələr durur. Hökumət əhalisinin sayı 1,1 milyard olan ölkədə yoxsulluğun səviyyəsini aşağı salmağa çalışır. "Ölkədə 300 minə yaxın yoxsul var. Bu isə beynəlxalq təşkilatların müəyyən etdikləri yoxsulluq həddindən çoxdur", - Şou qeyd edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek