Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





08.07.2011 02:43

10-cu Yubiley Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinin yekunları

İyun ayının 30-da “AİTF 2011” 10-cu Yubiley Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi öz işini başa çatdırdı. Bu beynəlxalq miqyaslı hadisə turizm sənayesinin müxtəlif istiqamətlərini təmsil edən minlərlə nümayəndə, habelə səyahəti sevənlər üçün çoxdan bəri gözlənilən bir bayrama çevrildi. Ənənəvi olaraq, sərgi təsis olunduğu gündən bəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir, habelə Ümumdünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Birliyi (ITTFA) tərəfindən dəstəklənir. Bu il “AİTF” sərgisi “UFI” (Ümumdünya sərgi sənayesi assosiasiyası) tərəfindən təkrar sertifikatlaşdırmadan keçərək təşkilatçıların sərgi ilə bağlı bəyan etdikləri bütün statistik göstəricilərin dürüst olduğunu sübuta yetirdi. Sərginin sponsorları arasında “Silk Way Travel“ və “Gartour” turizm şirkətləri, sərginin tərəfdaşları arasında isə “Azerfon-Vodafone” və “Caspel” şirkətləri var idi. AZAL şirkəti “AİTF 2011” sərgisinin rəsmi havadaşıyıcısı qismində çıxış edir. Sərginin təşkilatçıları “İTE Group Plc” və “İteca Caspian” şirkətləridir.

“AİTF” sərgisi ilk dəfə 2002-ci ildə təşkil olunmuş və 5 ölkədən 26 şirkəti qəbul etmişdi. Bu gün isə “AİTF 2011” sərgisi 24 ölkədən 230 şirkəti qarşılayır və bütövlükdə turizmin 61 istiqamətini təqdim edir. Bu fakt sərginin müsbət inkişaf  dinamikasını, habelə ölkənin turizm sektorunda sərginin oynadığı rolu bariz şəkildə nümayiş etdirir. Bu illər ərzində “AİTF” sərgisində ümumilikdə 900-ə yaxın şirkət iştirak etmişdir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev və “İTE Group Plc” şirkətinin İcraçı direktoru cənab Edvard Stroon iştirak etdilər. Sərginin rəsmi açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev vurğuladı ki, Azərbaycanda turizm sahəsi daha da inkişaf edərək ölkə iqtisadiyyatının tərkib hissəsinə çevriləcək. “İTE Group Plc” şirkətinin İcraçı direktoru cənab E. Stroon isə respublikanın mədəniyyət və turizm nazirliyini yubiley münasibəti ilə təbrik edərək sərgini dəstəklədiyinə görə bu dövlət qurumuna öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu il tədbir iştirakçılarının sayı 20%-dən də çox artmışdır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın sərgini ziyarət etmələri bu tədbirin bütün iştirakçıları üçün əlamətdar hadisə oldu. Dövlət başçısının turizm sahəsinə göstərdiyi daimi diqqət və himayə özünü iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın bu mühüm sahəsinin bütün istiqamətlərində büruzə verir. Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva Azərbaycanın turizm potensialını əks etdirən stendlərə tamaşa etdilər. Qarabağ zonası isə ayrıca stenddə təmsil olunurdu.

Abşeron yarımadasının qədim tarixi, burada mövcud olan abidələr, habelə yarımadanın nadir coğrafi mövqeyi turistlər tərəfindən böyük maraqla qarşılanır. Hal-hazırda, paytaxt Bakı şəhərində altı müasir mehmanxana kompleksi inşa olunur və bu mehmanxanaların açılışı paytaxtın memarlıq kompleksinə yeni çalarlar əlavə etməklə yanaşı, turizmin inkişafında da mühüm rol oynayacaq. “Azərbaycan turizm naviqasiyası” layihəsi isə yeniliklər arasında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu layihə çərçivəsində yaradılan üçdilli “onlayn” turizm naviqatorunda ölkə üzrə yeddi turizm marşrutu barədə məlumat yerləşdirilmişdir. Həmçinin, qonaqlar Zirə adasında həyata keçiriləcək “Azərbaycan incisi” layihəsi ilə də tanış oldular. Sonra dövlət başçısı və onun xanımı Azərbaycan milli kulinariya mərkəzinin nümayəndələri ilə söhbət etdilər və onların təqdim etdikləri yeməklərə tamaşa etdilər. Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva xarici turizm şirkətlərinin pavilyonları ilə də tanış oldular.

Bu il “AİTF” sərgisi eyni vaxtda iki əlamətdar hadisəni qeyd edirdi: Prezident tərəfindən Azərbaycanda 2011-ci ilin Turizm İli elan edilməsi və bilavasitə sərginin öz yubileyi. Bu hadisə bu ilki sərginin göstəricilərinin artmasında mühüm rol oynadı və şübhəsiz ki, bu sahədə aparılan mühüm islahat mərhələlərindən biri kimi tarixə düşdü. Ötən il ilə müqayisədə yubiley “AİTF 2011” sərgisində ekspozisiya sahəsi 25% artmışdır. Burada ziyarətçilərə öz milli koloriti, əyləncə proqramı, sərfəli və unudulmaz səyahət proqramları ilə diqqəti cəlb edən parlaq stendlər təqdim olundu. Sərgi həmçinin müxtəlif səyahət marşrutlarını təqdim etməklə ziyarətçiləri müxtəlif turizm istiqamətləri ilə də tanış edirdi. Belə ki, Seyşel, Mavrikiy və Maldiv adaları tərəfindən “Luxury Tourism” (“Lüks turizm”) proqramı təqdim olundu. Azərbaycan, Rusiya, Ukrayna və Çexiyanın stendlərində isə sanatoriyalar və müalicəvi su (SPA) kurortları ilə təmsil olunan müalicəvi turizm sahəsi ilə tanış olmaq mümkün idi. Azərbaycan üçün ilk dəfə olaraq, sərgidə Laos, Kamboca, Macarıstan, Vyetnam, Mayanmar və Meksika kimi yeni turizm istiqamətləri təqdim edildi. 2011-ci il sərgisində iştirak edəcəklərini hələ ötən ilki sərgidə bəyan etmiş milli stendlər burada böyük sayda təmsil olunurdu və bu, “AİTF” sərgisini fərqləndirən cəhət idi. Belə ki, sərgidə Azərbaycan, Yunanıstan, Gürcüstan, Dağıstan, Misir, Hindistan, Litva, Türkiyə və Çexiyanın milli stendləri təqdim olundu. Türkiyə ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Bu ölkənin turizm imkanları, koloriti və nadir təklifləri milli stenddə təqdim olunurdu.

Digər tərəfdən, sərgi həmçinin Azərbaycanın zəngin turizm potensialını da xarici iştirakçılara əyani surətdə təqdim etmiş oldu. “AİTF 2011” sərgisi ilə eyni vaxtda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi 2-ci Ümumrespublika daxili turizm sərgisi də keçirilirdi. 18 regionu təmsil edən 85 şirkət öz ekspozisiyalarında Azərbaycanın istirahət zonaları, sanatoriya və mehmanxanalarının parlaq koloritini uğurla təqdim edərək sərgi iştirakçılarını və ziyarətçiləri Azərbaycan xalqının folkloru, mətbəxi və xalq sənətinin rəngarəng və zəngin ənənələri ilə tanış etdi. Bir çox xarici qonaq Azərbaycan şirkətləri tərəfindən təklif olunan ekoturizm xidmətlərini, o cümlədən çaylarda qayıq sürmə, dağ çayları kanyonlarından keçmə, yaxta və qayıqlarda su gəzintiləri, at belində süvari gəzintilər, ov (su quşları və dağkeçiləri) və balıq ovunun təşkil edilməsi üzrə xidmətləri böyük maraqla qarşılayırdı. Sərgidə təqdim edilən mövzulu turizm səfərləri (tarixi-arxeoloji, xalçaçılıq və ekologiya səfərləri, din və ziyarət səfərləri) də müsbət reaksiya doğurdu. 2011-ci ilin sonundan başlayaraq, Azərbaycanda ilk dəfə olaraq qış turizmi növləri üzrə xidmətlərin göstərilməsinə start veriləcək. Belə ki, ölkənin şimalında, Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksinin açılışı nəzərdə tutulmuşdur. Burada xizək sürmək üçün dağ cığırları yaradılır. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu ildə Bakı şəhərində dünya miqyaslı brendləri təmsil edən beşulduzlu mehmanxana açılacaq. Beləliklə, “AİTF 2011” sərgisi yerli turizm sektorunun ciddi perspektivlərini xarici ziyarətçilərə uğurla təqdim edə bildi.

Sərginin yubileyi münasibəti ilə tədbirin təşkilatçıları (“İTE Group plc” və “İteca Caspian” şirkətləri) və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi birlikdə xüsusi proqram hazırlamışdılar. Belə ki, ilk dəfə olaraq, istirahət növünün seçimində məsləhət almaq istəyən şəxslər üçün turizm istiqamətləri üzrə xüsusi kataloq dərc edildi. Turizm marşrutları haqqında əvəzolunmaz soraq kitabçası olan bu kataloqa ölkələrin təsviri və istirahət proqramları, habelə müvafiq səfərləri təşkil edən şirkətlərin adları daxil edilmişdir. Bayram abu-havası yaratmaq üçün şəhərdə əmtəə nişanları (brendlər) ilə bəzədilmiş və şəhər sakinlərini sərgilərə dəvət edən faytonlar gəzirdi. Sərgi ərazisində təşkil olunmuş əyləncəli proqrama kulinariya şouları, dünya xalqlarının rəqsləri, təsviri incəsənət və dulusçuluq sənəti, turlar üzrə lotereya oynanılması daxil idi.

Sərgini həm də məzmunlu işgüzar proqram müşayiət edirdi. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya kimi xarici ölkələrdən gələn nümayəndələr üçün sərgi üzrə məlumat xarakterli turlar təşkil etmişdi. Turizm sənayesinin peşəkarları UNWTO, Misir Səfirliyinin Moskva Turizm Bürosu (Rusiya), “САМО-Софт” şirkəti (Rusiya) və “Silk Way Travel” şirkətinin (Azərbaycan) təşkil etdiyi seminar, təqdimat və ustad dərslərində iştirak etdilər. Sərgidə həmçinin “Ümumdünya Turizm Təşkilatının İpək Yolu üzrə regionlararası proqramı: Qədim Yolda işgüzar fəaliyyət üçün yeni imkanlar”; “Turizm sənayesini inkişaf etdirmək üçün tətbiq olunan innovasiyalı həll variantları”; “Turoperatorlar və turagentlərin işinin avtomatlaşdırılması” və “Turizm xidmətlərinin B2C sxemi üzrə “onlayn” satışı” kimi mövzular təqdim olunaraq müzakirə edildi.

Həmçinin, bu il sərgiyə gələn ziyarətçilərin sayının artması qeydə alındı. Belə ki, üç gün ərzində sərgiyə gələn ziyarətçilərin ümumi sayı 7.000 nəfərdən artıq oldu. Ziyarətçilərin coğrafiyası isə dünyanın 26 ölkəsini əhatə edirdi. Ziyarətçilərin 62%-i turizm sənayesinin peşəkarlarından ibarət idi. Hər gün stendlərdə orta hesabla 8-9 işgüzar görüş keçirilir və nəticədə müqavilələr imzalanır və ya yaxın gələcəkdə əməkdaşlıq üçün perspektivlər yaranırdı. Orta statistik məlumatlara əsasən, sərgi çərçivəsində bu sahənin mütəxəssisləri arasında üç mindən artıq mühüm beynəlxalq əlaqə quruldu. Bir çox turizm şirkəti Bakı sərgisinə artıq imzalanmaq üçün hazır olan əməkdaşlıq haqqında sənədlər ilə gəlmişdi. Belə ki, sərgi çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və BƏƏ-nin "Atlantis Holidays" şirkəti əməkdaşlıq haqqında müqavilə imzaladılar. Həmin sənəddə Fars körfəzi dövlətlərinin əməkdaşlıq şurasına üzv olan ölkələrdən turistlərin cəlb edilməsi, regionda Azərbaycanın maraqlarının təmsil olunması, körfəz ölkələrində Azərbaycana həsr olunmuş məlumat-təbliğat xarakterli kampaniyaların keçirilməsi, reklamların yerləşdirilməsi və bu ölkələrin turizm bazarında Azərbaycan əmtəə nişanının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. Sərginin mühüm nəticəsi ondan ibarətdir ki, ziyarətçilərin 38%-i ən münasib və sərfəli istirahət yerlərini seçmək və yeni turizm marşrutlarını müəyyən etmək üçün sərgiyə gəlmiş sadə vətəndaşlardan ibarət idi.

Bütün iştirakçılar sərginin bu cür ekspozisiyaların təşkil olunması üçün lazmı səviyyədə hazırlanmış yeni “Baku Ekspo” mərkəzində keçirilməsinin müsbət hal olduğunu qeyd etdilər. Bu sərgi kompleksinin müasir infrastrukturu sərginin həm iştirakçıları, həm də ziyarətçilər üçün rahat şərait yaradır və hər növ rabitə vasitələri, o cümlədən sürətli Wi-Fi İnternet əlaqəsi stendlərin quraşdırılmasını asanlaşdırır.

Beləliklə, “AİTF 2011” sərgisi öz yeni “Bütün dünya. Bir sərgi” şüarını tam doğrultdu və Azərbaycanda Turizm İlinin mühüm hadisələrindən birinə çevrilərək həm kütləvi informasiya vasitələri, həm də sərgi iştirakçıları və ziyarətçilər tərəfindən müsbət qarşılandı.

2012-ci ildə bu sərgi 12-14 aprel tarixlərində “Baku Ekspo” sərgi mərkəzində keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek