Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.03.2012 13:06

“AITF-2012” sərgisi turizmlə bağlı öz eksklüziv təkliflərini təqdim etməyə hazır olan 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcək

Bu ilin 12-14 aprel tarixlərində, yəni yay turizm mövsümü ərəfəsində, Azərbaycanın paytaxtı Bakı şəhərində 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF”) sərgisi keçiriləcək. Turizm sənayesi peşəkarlarının illik görüş yerinə çevrilmiş bu sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq, hava daşımaları, oteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdiriləcək. Təsis edildiyi gündən bəri sözügedən sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən daim dəstəklənir. AZAL şirkəti “AITF” sərgisinin rəsmi hava daşıyıcısı qismində çıxış edir. Artıq ardıcıl olaraq ikinci ildir ki, “SW Travel” (Azərbaycan) şirkəti “AITF” sərgisinə sponsorluq edir. Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətləridir.

Genişmiqyaslı və rəngarəng “AITF-2012” sərgisi turizmlə bağlı öz eksklüziv təkliflərini təqdim etməyə hazır olan 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcək. Hal-hazırda, sərgi 60-dan çox turizm istiqamətini, 15 milli ekspozisiyanı və 28 iştirakçı ölkəni təqdim etməklə, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldur. Artıq ardıcıl olaraq üçüncü ildir ki, Türkiyə “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir və bu dəfə də öz geniş stendində ölkənin potensialını nümayiş etdirəcək. Bolqarıstan isə ilk dəfə olaraq qonaq ölkə statusunda iştirak edəcək. Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm Nazirinin müavini cənab İvo Marinovun sözlərinə görə, turizm sahəsində Azərbaycan ilə Bolqarıstan arasında geniş əməkdaşlıq potensialı mövcuddur. Bolqarıstanın bu il keçiriləcək sərgidə iştirakı da məhz bu mövzuya həsr olunacaq. Sərgidə Gürcüstan, Sloveniya, Çexiya, və Dubay öz milli ekspozisiyalarını nümayiş etdirəcəklər. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirəcək. İştirakçı-debütantların siyahısına Litvanın SPA Assosiasiyası, Sloveniyanın “Wellness & SPA” regional idarəsi və bir sıra digər profilli təşkilatlar daxildir. Sərgidə ekzotik istiqamətləri təqdim edən ölkələrin iştirakı artıq bir ənənəyə çevrilib. Bu il isə həmin istiqamətlər Mavriki, Malayziya, Seyşel, Tailand və bir sıra digər ölkələr tərəfindən təqdim olunacaq.

Ümumdünya Turizm Təşkilatının (“WTO”) “AITF-2012” sərgisində iştirakı beynəlxalq təşkilatların Azərbaycan turizm sərgisinə maraq göstərməsi faktını bir daha vurğulayır. Bu aparıcı beynəlxalq təşkilat uzun illər boyu Azərbaycan turizm sərgisinin keçirilməsini dəstəkləmişdir. Bu il isə Ümumdünya Turizm Təşkilatı sərgidə öz stendi ilə iştirak etmək qərarına gəlib.

Sərgidə ənənəvi olaraq iştirak edən və Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edəcək. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunacaq. “Fairmont”, Four Seasons, “Hilton Baku” və Park Inn kimi dünyaca məşhur otel brendləri yerli iştirakçılardan ibarət ekspozisiyanın bir hissəsini təşkil edəcəklər.

Bu ilki sərginin fərqli məqamlarından biri onun dolğun işgüzar proqramıdır. Belə ki, sərgi çərçivəsində iştirakçı ölkələrin milli koloritini vurğulayan açıq təqdimat mərasimləri və müxtəlif mədəni və əyləncəli tədbirlər keçiriləcək. Sərginin bütün iş günlərində Asiya, Fars Körfəzi ölkələri və Hind Okeanı adaları da daxil olmaqla Qətər Hava Yollarının uçuş istiqamətləri üzrə otellər və kurort zonalarının tematik təqdimatları keçiriləcək. Tailandın turizm milli agentliyi ölkənin ekzotik kurortlarının təqdimatını keçirəcəkdir. Vışeqrad  Qrupu isə dörd Mərkəzi Avropa ölkəsi birliyinə daxil olan Slovakiya, Polşa, Macarıstan və Çexiyaya turlar təqdim edəcək. Beləliklə, “AITF-2012” sərgisinin dolğun işgüzar proqramı sərginin iştirakçıları ilə ziyarətçiləri arasında qarşılıqlı fəal münasibətlərə və turizm sənayesinin yenilikləri haqqında faydalı məlumatların əldə edilməsinə yönələcək.

Xəzəryanı region geniş turizm potensialına və böyük imkanlara malikdir. Azərbaycanda turizm sənayesi isə bu gün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Turizm sahəsi ilə birlikdə inkişaf edən və bazarın daim artan tələblərinə cavab verən “AITF” sərgisi iştirakçılara və ziyarətçilərə sərgidə peşəkar ünsiyyət qurmaq, planetin ən müxtəlif guşələrindən olan eksponentlər haqqında bütün lazımı məlumatları əldə etmək və dünya təcrübəsindən yararlanmaq kimi unikal imkanlar yaradır. Sərginin təşkilatçıları əmin olduqlarını bildirirlər ki, “AITF” sərgisi bu il də işgüzar əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şərait yaradacaq və bununla da həm beynəlxalq, həm də daxili turizmin populyarlaşmasına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek