Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

11.04.2012 12:32

11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

Yay turizm mövsümü ərəfəsində, yəni 12-14 aprel tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF”) öz işinə başlayır. Turizm sahəsinin aparıcı oyunçuları üçün illik görüş yerinə çevrilmiş “AITF” sərgisi həqiqətən də regionun turizm sahəsinin ən sayılıb-seçilən tədbirlərindən biridir. Sözügedən sərgi çərçivəsində vacib görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır və turizmlə bağlı yeni proqramlar, qiymətlər və istiqamətlər barədə məlumatlar açıqlanır. Əsası qoyulduğu gündən bəri sözügedən sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. Sərginin tərəfdaşları qismində “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Point” otelləri (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” şirkəti (rəsmi tur-operator) çıxış edirlər. “SW Travel” (Azərbaycan) şirkəti isə ardıcıl olaraq ikinci ildir ki, “AITF” sərgisinin sponsorudur.

Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC-dir. Sərgi ilə bağlı işlərə “ITE Group plc” şirkətinin bütün dünya üzrə tərəfdaş və agentlərindən ibarət geniş şəbəkəsi cəlb olunub. Onların arasında beynəlxalq şirkətləri Azərbaycan sərgisinə iştirak fəal surətdə cəlb edən “ITE” (London), “EUF” (Türkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) kimi şirkətlər var.

“Bütün dünya. Bir sərgi” - bu ilin sərgisini belə xarakterizə etmək olar. Bütövlükdə 62 turizm istiqamətini təqdim edən “AITF-2012” sərgisi dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilatı qəbul edəcək. Ölkələrin və turizm istiqamətlərinin belə müxtəlifliyi sərginin mütləq rekorduna çevrilib. Artıq ardıcıl olaraq üçüncü ildir ki, Türkiyə “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir və öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edəcək. İlk dəfə olaraq, “AITF” sərgisinin qonaq ölkəsi statusunda Bolqarıstan iştirak edir. Bolqarıstanlı tur-operatorlar ümumi milli stenddə Azərbaycan ziyarətçiləri üçün Bolqarıstanda kurort və müalicəvi istirahətin bütün özəl xüsusiyyətlərindən bəhs edəcəklər. Milli stendlərin fəal iştirakı artıq “AITF” sərgisinin “vizit kartına” çevrilib. Belə ki, bu il sərgi Azərbaycan, Bolqarıstan, Gürcüstan, Dağıstan Respublikası, Hindistan, Kipr, Krım, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Stavropol diyarı və Xorvatiyanın 15 milli və regional ekspozisiyanı qəbul edəcək. Ekzotik turizmi təşkil edən şirkətlər isə Tailand, Mavriki və Seyşel kimi istiqamətlər üzrə təkliflərə biganə qala bilməyəcəklər.

Hər il “AITF” iştirakçılarının siyahısına yeni ölkələr əlavə olunur və bu il Qətər, Polşa, Vyetnam, Slovakiya və Xorvatiya sərginin debütant ölkələridirlər. Uzun illər boyu “AITF” sərgisinin keçirilməsini dəstəkləyən Ümumdünya Turizm Təşkilatının (World Tourism Organisation) bu il sərgidə öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçılar tərəfindən göstərilən marağı bir daha vurğulayır.

İştirakçıların arasında, dünyanın aparıcı aviaşirkətləri də var. Belə ki, “AZAL”, “AirAstana”, “AirBaltic”, “Qatar Airways”, “Fly Dubai”, Çex Hava yolları və “Turkish Airline” şirkəti sərgidə Azərbaycan bazarı üçün xüsusi təkliflərini elan edəcəklər.

Bu ilki sərginin daha bir özəl xüsusiyyəti ondan ibarət olacaq ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunacaq - sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edəcəklər. Stavropol diyarının stendində mədə-bağırsaq və ürək-damar xəstəlikləri, dayaq-hərəkət aparatının pozuntuları və mərkəzi əsəb sistemi xəstəlikləri sahəsində sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yesentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin təklifləri ilə tanış olmaq imkan olacaq. Ukrayna sərgidə çoxsaylı mineral suların müxtəlifliyi ilə məşhur olan ən böyük balneoloji kurortlardan birini - Truskavetsi təqdim edəcək. İlk dəfə “AITF 2012” sərgisində tənəffüs, ürək-damar sistemləri və əsəb sisteminin funksional pozuntularının müalicəsi üzrə ixtisaslaşan Krım sanatoriyaları təqdim olunacaq. Müalicə turizmi istiqamətində fəaliyyət göstərən debütantların siyahısına bir sıra profilli təşkilatlar daxildir və onların arasında Litvanın Milli SPA Assosiasiyası, həmçinin Sloveniyanın 6 lüks kateqoriyalı termal SPA kurortlarını təqdim edən “The Land of Celje” regional idarəsi var.

Azərbaycan ekspozisiyası son illər bu sahədə baş verən müsbət inkişaf dinamikasını əks etdirəcək. Sərgidə ənənəvi olaraq çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi milli Azərbaycan motivləri ilə zəngin olacaq və Azərbaycan qonaqpərvərliyini əks etdirəcəkdir. Sənayenin bu müsbət dinamikası Azərbaycan şirkətlərinin ekspozisiyasında da öz əksini tapacaq. Ölkənin aparıcı turizm firmaları, istirahət zonaları və sanatoriyalar Azərbaycanda fəal istirahət və macəra turizmi üzrə yeni layihə və istiqamətlərin təqdimatı ilə çıxış edəcəklər. Sərgidə həmçinin Abşeron zonasının otellər şəbəkəsi, o cümlədən məşhur “Fairmont”, “Hilton Baku”, “Four Seasons” və “Park Inn”  otelləri təqdim olunacaq. Bu il “AITF” sərgisində iştirak edən yerli şirkətlərin bütün ekspozisiyası çərçivəsində cari ilin may ayında Bakıda keçiriləcək ilin ən vacib musiqili tədbiri - “Avroviziya 2012” mahnı müsabiqəsinin mövzusu fərqli və parlaq şəkildə diqqəti cəlb edəcək. Demək olar ki, hər bir stenddə bu musiqili bayramın abu-havasını hiss etmək və şirkətlərin “Avroviziya 2012” müsabiqəsinə necə hazırlaşdıqlarını görmək mümkün olacaq.

Sərginin dolğun işgüzar proqramla müşayiət olunması artıq bir ənənəyə çevrilib. Sərgiyə gələn sənaye peşəkarları “Qatar Airways” (Qətər Hava Yolları), Taylandın turizm idarəsinin nümayəndəliyi, eləcə də Slovakiya, Polşa, Macarıstan və Çexiyaya turlar təqdim edən Vışeqrad qrupu tərəfindən təşkil olunan seminarlar, təqdimat mərasimləri və ustad dərslərində (“master klass”) iştirak etmək kimi unikal şans əldə edəcəklər. Zaqreb şəhərin Turizm idarəsi sərgi çərçivəsində “Xorvatiya - bizim dilbər guşəmiz” adlı seminar keçirəcək. Seminarların proqramı haqqında əlavə məlumatlarla sərginin rəsmi vebsaytında (www.aitf.az) tanış olmaq mümkündür.

Sərgidə təqdim olunan ölkələrin milli koloritini vurğulayan mədəni və əyləncəli tədbirlər işgüzar proqramı daha da maraqlı edəcək. İştirakçı şirkətlərin stendləri təqdimat mərasimlərinin keçirilməsi, pulsuz putyovkaların oynanılması və viktorinalar üçün bir meydança çevriləcək. Belə ki, sərginin birinci günü, yəni 12 aprel tarixində Infotour.az turizm internet-portalı tərəfindən təşkil edilmiş “Yerdə, səmada və dənizdə!” adlı ilk turizm viktorinasının nəticələri elan ediləcək. Qaliblər viktorinanın təşkilatçılarından xatirə hədiyyələri alacaqlar.

Bu il Bakı daha bir əlamətdar hadisəyə - qızlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Çempionatın iştirakçılarını və paytaxt qonaqlarını qadın idmançının rəmzi fiquru salamlayacaq. “AITF 2012” sərgisi çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Qadınlararası Çempionatın rəsmi talismanına ad verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirəcək. Bu mərasim 13 aprel tarixində baş tutacaq.

Beləliklə, sərginin ildə cəmi bir dəfə keçirilməsinə baxmayaraq, aprel ayının bu üç günü turizm sahəsində ən parlaq anlar kimi yadda qalır və bu günlərdə turizm sənayesinin mütəxəssisləri və adi ziyarətçilər aparıcı tur-operatorların xüsusi təklifləri ilə tanış olur, turizm marşrutları və əlverişli qiymət təklifləri haqqında məlumat əldə edirlər. Digər tərəfdən isə sərgi xarici iştirakçılara Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə nümayiş etdirir ki, bu da xarici ölkələrin əhalisi arasında Azərbaycan marşrutunun turizm istiqaməti kimi populyarlaşmasına xidmət edir. Beləliklə, sərgi qarşılıqlı əlaqələr və gələcək əməkdaşlığın katalizatoru kimi oynadığı rolu əyani surətdə nümayiş etdirməklə yanaşı, ölkələrin turizm potensialını və istirahət üçün yer seçimi ilə tanış olmaq baxımından ən mükəmməl meydança kimi xidmət edir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek