Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

21.04.2011 15:10

Beynəlxalq Turizm Qəzetinə Müsahibə....

“Xəyal Əliyeva: “Qiymət mövzusu sərgidə iştirak üçün maneə deyil. Əsas məsələ sərgidə iştirak etmənin faydasını dərk etməkdir.”

“Turizm ili” çərçivəsində Azərbaycanda bir sıra maraqlı tədbirlər keçiriləçək ki, onlardan biri də bu il 10 illik yubileyini qeyd edən “AITF 2011” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, o cümlədən II-ci  Ümumrespublika Daxili Turizm sərgiləridir. Ziyarətçilər üçün sərgilər hər zaman bir bayram və şou xarakterli tədbir olsa da, təşkilatçılar üçün sərgi ağır bir sınaqdır. Bu sınaq zamanı  hər kəsin razı qalması üçün ən xırda detallar belə ölçülüb-biçilməlidir. Çünki bu ilk növbədə gəlir mənbəyi və bir biznesdir. İstənilən biznesin özəyini isə onun uğurlu olması istiqamətində atılan düzgün addımlar və çəkilən real əmək təşkil edir.  Müsahibimiz “AİTF 2011” sərgisinin təşkilatçısı “İteca Caspian” şirkətinin layihə rəhbəri Xəyal Əliyeva ilə söhbətimiz də bu mövzu ətrafındadır.

- Xəyal xanım, ilk öncə “İteca Caspian” şirkətinin fəaliyyəti haqqında məlumat verərdiniz...

- Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan “İteca Caspian” şirkəti, bu sahədə dünya üzrə qabaqcıl şirkət olan “İTE Group PLC”-nin eksklyuziv tərəfdaşıdır. “İteca Caspian” şirkəti artıq 20 ildir Azərbaycanda müxtəlif yönümlü beynəlxalq sərgilər təşkil edir. Hər il  20-dən artıq sərgi keçirilir ki, bunların arasında Qafqazın ən böyük sərgiləri - neft, qaz və neftkimya,  inşaat,  telekommunikasiya və informasiya texnologiyalari sərgiləri də var. Hər bir sərgi öz sektorundan olan dövlət qurumu tərəfindən rəsmi dəstəklənir. Sərgilərimiz əsasən müəyyən sektorlarda baş verən innovasiyaları təqdim etməklə hər dəfə orta hesabla 50-dən çox ölkələri bir araya toplayır. Sərgilərimizin beynəlxalq statusu “İteca Caspian” şirkətinin “Ümumdünya Sərgi Sənayesi Assosiasiyası”nın üzvü olması ilə möhkəmlənir və təsdiqlənir.

- Qıraqdan baxanda sərgərin təşkili asan görünür. Amma hər il yeni proyektlər, layihələr, kompiozisiyalar təşkil etmək yəqin ki, ağır bir işdir. Professional çətinliklərinizi bilmək istərdim.

- Sözsüz ki, hər bir işdə müəyyən çətinliklər mövcuddur və bu yalnız sərgilərin təşkil olunmasına aid  deyil. Ümumiyyətlə hər işin içində elə xırdalıqlar var ki, onlar adətən pərdə arxasında qalır. Sərgilərin təşkil olunmasının isə öz çətinlikləri var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycana sərgi anlayışını, sərgi mədəniyyətini, sərgi davranışını “İteca Caspian” şirkəti gətirib. Burada sərgilərin müəyyən sektorlar üzrə inkişaf etdirilməsinin əsasını da “İteca Caspian” qoyub.  Təsəvvür edin, 15 il bundan vəziyyət tamam fərqli idi. Yəni sərgi nədir, sərginin faydaları nədir, sərgidə iştirak etmək nəyə görə lazımdır və digər bu kimi suallarla bağlı hər bir şirkətlə fərdi danışıqlar aparmaq, onlara bazarın müsbət və mənfi cəhətlərini izah etmək lazım gəlirdi və bu çox ağır idi.  Bir də hər bir sərgi, məsələn götürək elə turizm sərgisini ildə bir dəfə cəmi 3 gün keçirilir. Amma bu 3 günü müvəffəqiyyətlə təşkil etmək üçün 12 ay pərdə arxası iş gedir. Bizim şirkətdə hər bir sərgi üzərində 42 nəfər çalışır. Sərgiyə 8 ay qalmış işlər başlayır və iki istiqamət üzrə aparılır – “ziyarətçi cəlb etmə” və “iştirakçı cəlb etmə” kampaniyaları əsasında. “İştirakçı cəlb etmə” kampaniyası 8 ay öncə, “ziyarətçi cəlb etmə” kampaniyası isə sərgidən 3 ay əvvəl başlayır. Təbii ki, çətinliklər var. Amma ildən-ilə şirkətin tanınması, həyata keçirilən uğurlu fəaliyyət bu çətinliklərin tədricən arxa plana keçirilməsinə zəmin yaradır. Onu da qeyd edim ki, “İTE Group PLC” şirkəti dünyada artıq 200-dən çox sərginin təşkilatçısıdır. Şirkət dünyanın bir çox ölkələrində turizm sahəsində də sərgilər təşkil edir. Məsələn, Türkiyədə (EMİTT), Moskvada (MİTT), Ukraynada (UİTT), Qazağıstanda  (KİTF), Azərbaycanda (AİTF) və s. Bunların hamısı qrup sərgilərdir. Azərbaycan turizm sərgisi də bu sistemə daxildir və eyni yüksək standartlarda təşkil olunur.

- Peşəkar sərgilərin təşkili üçün peşəkar kadrların olması mütləqdir. Kadr potensialınız haqqında məlumat verərdiniz. Bu sahədə vəziyyət necədir?

- Doğrudur, Azərbaycanda sərgilərin təşkil oluması sahəsində heç vaxt hansısa məktəb və ya kurslar fəaliyyət göstərməyib. Bu baxımdan “İteca Caspian” əsl məktəb olub. Sərgi ayrı bir aləm, ayrı bir peşə, ayrı bir sahə olduğundan, burada fərqli istedad, fərqli bacarıq və fərqli yanaşma tələb olunur. Şirkətimiz bu sahədə mütəxəssislər hazırlamaq üçün öncə işlə bağlı müraciət edən şəxləri seçir, onlara təlimlər, treninqlər keçir və təcrübə toplamaq üşün xaricə göndərir. Müəyyən bir vaxt keçdikdən sonra onlar real iş prosesinə cəlb olunurlar və püxtələşirlər. Təbii ki, hər yerdə olduğu kimi bizdə də peşəkar kadr problemi var və biz çalışırıq bu problemləri öz səylərimizlə maksimum aradan qaldıraq.

- Qarşıdan bu il 10 illik yubileyini qeyd edəcək  X-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi gəlir. Bu gün şirkətlərin marağı necədir, sərgidə neçə xarici və ya yerli şirkətin iştirakı gözlənir?

-   X-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi 28-30 aprel tarixində “Baku Ekspo” sərgi mərkəzində keçiriləcək.  Bu sərgi Qafqazda turizm sahəsində yeganə və ən böyük sərgidir.  Təbii ki, 10 il müddətində sərgi öz sözünü deyib. Bunu ildə-ilə sərgiyə artan maraq, iştirakçı və ziyarətçilərin sayı da təsdiqləyir. Bu il 23 ölkədən  55 turizm istiqaməti üzrə 200-dən artıq xarici şirkətin bu sərgidə iştirakı gözlənilir.  Xarici sektorda xüsusilə milli qrupların sərgiyə marağının artmasını  bu vaxtadək görülən işlərin nəticəsi kimi qiymətləndirmək olar. Bu dəfəki sərgidə 12 ölkənin  milli qrupları təmsil olunacaq və Vyetnam, Kamboca, Laos, Mayama, Meksika kimi yeni istiqamətlər öz turizm inkanlarını nümayiş etdirəcəklər. Onu da qeyd edim ki, “AİTF 2011” sərgisi çərçivəsində II-ci Ümumrespublika Daxili Turizm sərgisi də keçiriləcək ki, burada da 18 regionu təmsil edən 100-ə yaxın yerli şirkət iştirak edəcək.

Bir məsələni də nəzərizə çatdırım ki, hər il sərgi iştirakçılarının  xüsusi kataloqu nəşr olunur. Bu il isə tədbir yubiley xarakterli olduğundan biz bir yenilik etdik. Başqa bir kataloq da hazırlanır ki, burada əsasən istiqamətlər yer alacaq. Nəşrdə sərgidə iştirak etmiş ölkələr və bu istiqamətlərə turpaketləri hazırlayan şirkətlər haqqında məlumatlar olacaq. Bu kataloq yerli ziyarətçilər üçün nəzərdə tutulub və düşünürük  ki, bu nəşrin onlar üşün çox böyük faydası olacaq.

- 10 il ardıcıl olaraq  turizm sektorunu  izləmiş bir şirkət kimi əvvəlki illərlə müqayisədə bu sahədə inkişaf tempini necə qiymətləndirirsiniz?

- Təbii ki, bu gün turizm sektoru əvvəlki illərlə müqayisədə sürətlə inkişaf edir. Mən cəmi 4 ildir bu sərginin təşkilatçısı qismində fəaliyyət göstərirəm. Bu müddətlə bağlı deyə bilərəm ki, məsələn 2007-ci ildə turizm sərgisində 10–12 ölkədən 30-35 şirkət iştirak edirdisə, bu gün 23 ölkədən 200 şirkət “AİTF”-ə qatılır. Bu böyük nailiyyətdir. Bilirsiniz, sərgi əslində hər hansı bir sektorun inkişafını əks etdirən güzgüdür. Turizm sektorunda hər dəfə yeni bir istiqamət açılanda, bu mütləq sərgidə də əksini tapır.  2007-ci ildə biz bu sərgiyə Çexiyanı gətirəndə, onda heç bu ölkənin səfirliyi Azərbaycanda fəaliyyət göstərmirdi. Biz aparıcı turizm şirkətləri ilə danışıqlar apardıq, onları sərgiyə cəlb etdik daha sonra isə bu ölkəyə reyslər açıldı və səfirlik fəaliyyətə başladı. Yəni sərgi bu məsələlərin həllinin müəyyən mənada sürətlənməsinə təkan verdi. Və ya BƏƏ-nə yeni reyslərin açılmasında sərginin böyük rolu olub. Dubay Orta Şərqin qapısı olduğundan artıq Seyşel və Maldiv adaları, Mavrikiy və sair istiqamətlərin turizm şirkətləri Azərbaycan bazarına maraq göstərir, sərgilərdə iştiraka can atırlar. Bir sözlə “AİTF”-in özü də turizm sektorunun dinamik inkişafına dəstək təkan verir.

- Bir müddət əvvəl Azərbaycan Turizm Assosiyasiyasına daxil olan şirkətlər sərgi salonlarında qiymətlərin aşağı salınmasını tələb edirdirlər. “Turizm ili” çərçivəsində milli  turizmə dəstək baxımından qiymətlərdə dəyişiklik ola bilərmi?

- Azərbaycan Turizm Assosiyasiyası yaradılanda bizim sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendinin yanında idi və burdan başa düşmək olar ki, biz bu təşkilata dəstək veririk. Konkret qiymətlərin aşağı salınmasına gəlincə, 10 il ərzində qiymətlər necə var idisə, elə də qalıb. Yəni bütün infliyasiya, bahlaşma və sair proseslərə baxmayaraq “İteca Caspian” qiymətləri eyni səviyyədə saxlayıb. Bu müddət ərzində isə turizm şirkətləri müəyyən qədər inkişaf etdilər, vəsait qazandılar və bu gün qiymətlərin baha olduğunu söyləmək, fikrimcə düzgün deyil.

Eyni zamanda bildirmək istəyirəm ki, sərgilərə mütəmadi olaraq qatılan şirkətlərə müəyyən güzəştlər edilir. Ümumilikdə isə qiymət mövzusu sərgidə iştirak üçün maneə deyil. Əsas məsələ sərgidə iştirak etmənin faydasını dərk etməkdir. Onu dərk edən, bəhrəsini görən şirkətlər sərgilərdə həvəslə iştirak edirlər. Bu il sərgidə iştirak edən turizm şirkətlərinin sayı kifayət qədərdir. Qeydiyyatdan keçmiş şirkətlərin 50 faizdən çoxu bu sərgiyə qatılıb. Bu isə gözəl nəticədir.

- Siz sərgilərin mahiyyətindən söz açdınız. İstərdim bir daha açıqlayasınız ki, nə üçün sərgilərdə içtirak etmək vacibdir?

Sərgi marketinq və reklamın bir növüdür. Nəyi görürüsən, eşidirsən, nəyə toxunursan bu sərgidir. Sərgidə partnyorlarla ünsiyyət yaradırsınız, onları görürsünüz. Gördüm, baxdım, eşitdim bu faktorların toplumu sərgi deməkdir. Bazara təqdim olunacaq məhsulu sərgiyə çıxarsanız, düzgün nümayiş və reklam etdirsəniz müləq onun nəticəsini tezliklə görəcəksiniz. Hərdən bəzi yerli şirkətlər sərgiyə imic kimi baxırlar və  dərhal nəticə görmək istəyirlər. Amma əslində sərgiyə 3-4 ay qabaqcadan hazırlaşmaq laımdır, müəyyən bir biznes plan olmalıdır. Sərgi bir strategiyadır. Əgər sərgi lazım olmasa idi dünyada doxsan illərlə təşkil edilən bu tədbirlər keçirilməzdi. İnanıram ki, illər ötdükcə sərginin mahiyyətini insanlar daha düzgün anlayacaqlar. Sərgi təkcə stendə çıxıb, öz banerini asmaqla bitmir. Sərgilərdə fəal iştirak etmək, iş görmək, ünsiyyət qurmaq, əlaqələr yaratmaq və daha sonra bu əlaqələrdən mütəmadi istifadə etmək və faydalanmaq lazımdır. Yalnız bu zaman sərgilərin uğuru haqda danışmaq mümkündür.

- Sonda il ərzində keçiriləcək sərgilər haqqında məlumat verməyinizi istəyirik.

- İlk öncə onu qeyd edim ki, biz artıq yeni bir kompleksə keçmişik və artıq bizə professional platforma verilib. Bu məsələnin həlli sərgilərin təşkilində olduqca vacib idi. Çünki, başqa  beynəlxalq sərgilərdə iştirak etmiş xarici şirkətlər, orada hər şeyi daha professional şəkildə gördükərindən biz də bu səviyyəni yaratmaq istəyirdik. Lakin məkanın bəzi xüsusiyyətləri bizə buna tam nail olmağa imkan vermirdi.  İndi isə sərgilərimiz “Baku Ekspo” mərkəzində keçirilir. Bildiyiniz kimi bu məhz sərgilərin təşkili üçün xüsusi inşa edilmiş bir məkandır. Konkret sektorlar üzrə sərgilərə gəlincə, bir necə gündən sonra “Turizm və Səyahətlər” sərgisi, daha sonra may ayında “Qida sərgisi”, onun ardınca iyunda “Neft və Qaz” sərgiləri olacaq. Ümumilikdə isə “İteca Caspian” şirkəti tərəfindən ilin sonuna kimi 20-dək tədbir keçiriləcək.

Mehriban Əsgərova

Beynəlxalq Turizm Qəzeti

 

 

 

 

 

 

 

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek