Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

25.04.2011 15:44

Xəyal Əliyeva: «Builki sərgi bir çox yeniliklərlə yadda qalacaq»

Aprelin 28-də Azərbaycanda «AİTF 2011» Beynəlxalq turizm və səyahətlər sərgisi açılacaq. Artıq 10 ildir mütəmadi olaraq təşkil edilən sərgi bu il yeni məkanda – Baki Ekspo Mərkəzində baş tutacaq. Sərginin təşkilatçısı «İteca Caspian» şirkətinin AİTF sərgisinin layihə rəhbəri Xəyal Əliyeva bizimlə söhbətində builki sərgidə gözlənilən yeniliklərlə bağlı məlumat verdi, eyni zamanda bizi maraqlandıran bir sıra sualları cavablandırdı:

- Bu il “AITF” sərgisi birdən-birə iki əlamətdar hadisəni - öz yubileyini və 2011-ci ilin Azərbaycanda Turizm İli elan edilməsini bayram edəcək. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu hadisə şübhəsiz ki, tarixə parlaq dəyişikliklər mərhələsi kimi daxil olacaq Hər bir sərgi aid olduğu sektorun güzgüsüdür. Yəni o sahənin inkişafını, problemlərini əks etdirir. Sərgi inkişaf edibsə, əhatə dairəsi genişlənibsə, deməli, həmin sahədə də proqres var. Qeyd edə bilərəm ki, 10 il ərzində AİTF sərgisində maraqlı və əhəmiyyətli dəyişikliklər baş verib.. Bu dəyişikliklər ilk növbədə Azərbaycanın turizm sektorunda özünü büruzə verib.

- 10 il ərzində iştirakçıların sayı baxımından hansı irəliləyiş əldə edilib?

- Bu baxımdan da əldə etdiklərimiz çoxdur. Birinci ili nəzərə salsaq onda görərik ki hamin il 5 ölkədən 26 şirkət iştirak etmişdir. Bu il isə sərgi artıq 24 ölkədən 230 şirkət, və 61 istiqamət əhatə edir. Bu bizim üçün böyük nailiyyətdir. Yeni istiqamətlər də var. Məsələn, Vyetnam, Kamboca, Laos. Bunlar tanınmayan istiqamətlərdir. Biz də bunları sərgiyə gətirməklə növbəti illərdə həmin ölkələrlə turizm əlaqələrinin yaranmasına çalışırıq.

Hər il turizmlə bağlı rəsmi kataloq çıxardırıq. Bu il isə «Turizm ili» və 10 illik yubileyimizlə əlaqədar kataloqla yanaşı məlumat xarakterli kitabça da nəşr etmişik. Burada sərgidə iştirak edən ölkələr və təqdim olunan istiqamətlər haqqında qısa məlumatlar öz əksini tapıb. Bütün məlumatlar şəkillərin müşayiəti ilə yerləşdirilib. Bu xüsusi olaraq turistlər üçün nəzərdə tutulub ki, onlar bu mövsümdə istirahət edəcəkləri məkanı asanlıqla seçə bilsinlər.

- «AİTF-2011»in yeni məkanda keçirilməsinin sərginin gedişinə təsiri olacaqmı?

- Təbii ki, yeni sərgi kompleksi bizim üçün professional bir səhnədir. Bu yaxşıya doğru çox gözəl bir yenilikdir. Yeni kompleks bizim üçün yeni imkanlar yaradır. Biz xaricdən daha çox şirkətləri dəvət edə bilirik. Sərginin ekspozisiya sahəsi də 25 faiz genişləndirilib.

- Sərginin gedişində 10 illik yubileylə bağlı hər hansı əlavə tədbir nəzərdə tutulurmu?

- Təbii ki. Peşəkar ziyarətçilər, o cümlədən turoperatorlar, hotellər üçün sərginin ikinci günü seminar məşğələlər keçiriləcək. Bu seminarlar Dünya Turizm Təşkilatının mütəxəssislərinin iştirakı ilə İpək yolu marşrutu ilə bağlı olacaq və maraqlı mövzular üzərində qurulacaq. Bundan əlavə, ziyarətçilər üçün hədiyyələr nəzərdə tutulub. Onları müxtəlif uduşlar vasitəsilə qazanmaq mümkündür. Uduş paketini əldə edən şəxslər Türkiyəyə və digər ölkələrə səyahət etmək imkanı qazanacaqlar.

- AİTF sərgisinin kifayət qədər iştirakçısı və geniş əlaqələri var. Bununla bərabər, bu sərginin dünyada tanıtdrılması ilə bağlı hansı işlər görülür?

- «İteca Caspian» şirkəti Britaniyanın «İTE Group PLC» şirkətinin buradakı rəsmi nümayəndəsi və partnyorudur. «İTE Group» Dünyada 200-ə yaxın sərgi təşkil edir. İstanbulda keçirilən EMİTT, Moskvadakı MİTT, Ukraynada UİTT və s. sərgilərini məhz «İTE Group» şirkəti təşkil edir. Azərbaycanda keçirilən AİTF sərgisi də bu böyük sərgilərin ərazisinə daxildir. Bu sərgilərin hər birində AİTF də reklam olunur. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi iştirak etdiyi bütün sərgilərdə AİTF haqqında çıxan bukletləri ziyarətçilərə paylanır. Hər il sərgidə iştirakçıların sayının artması da təbliğatın düzgün və əhatəli qurulmasının sübutudur.

- Bəzi yerli turizm şirkətləri yerin bahalığı səbəbindən AİTF sərgisində iştirak etmirlər. Onlar xarici şirkətlərə yerli şirkətlərə eyni qiymətin təklif edildiyini bildirirlər. Bu il yerli şirkətlərə güzəştlər nəzərdə tutulurmu?

- Bizdə xarici şirkətlərə təklif edilən qiymətlər başqadr. Qiymətlər 15-20 faiz yerli şirkətlərə təklif ediləndən yüksəkdir. Hər bir yerli şirkət bunu bilir. Çünki yerli şirkətlərin əksəriyyətinin xarici partnyorları AİTF sərgisinin iştirakçılarıdır. Əslində bizim yerli şirkətlər üçün nəzərdə tutduğumuz 20 faiz güzəşt cüzi məbləğ deyil. Şirkət 20, 30, 40, 50 kvadrat metrlik stend götürəndə bu güzəşt mütləq nəzərə çarpır. Mən bir məqamı da qeyd etmək istəyirəm ki, 10 ildə biz qiymətləri stabil saxlamışıq. 10 ildə Azərbaycanda müəyyən sahələrdə qiymətlər qalxdı, turizm şirkətlərinin fəaliyyəti genişləndi. Amma bizim qiymət siyasətimiz dəyişmədi ona baxmayaraq ki sərginin məkanı də dəyişilmişdir. AİTF sərgisində mütəmadi olaraq iştirak edən yerli şirkətlərə isə doğrudan da güzəştlər var. Biz onlara hətta xarici partnyorlarının stendində də təmsil olunmaq üçün də şərait yaradırıq. Sərgi təşkilatçısı olaraq yerli turizm şirkətlərinin sərgimizdə iştirakında maraqlıyıq. Məncə, sərgidə iştirak etmək istəyən şirkət üçün qiymət o qədər də əhəmiyyətli deyil. Qiymətə görə sərgidə iştirak etməmək düzgün yanaşma deyil. Turizm şirkəti sərginin əhəmiyyətini dərk edirsə, il ərzində öz büdcəsindən bir dəfə sərgidə iştirak üçün vəsait ayıra bilər.

- Budəfəki sərgidə neçə ölkənin milli stendi olacaq?

- Türkiyə, Misir, Gürcüstan, Dağıstan, Çexiya, Yunanıstan və Hindistan milli stendlərlə çıxış edəcəklər. Milli stend odur ki, həmin ölkənin turizm nazirliyi və ya milli turizm agentliyi Azərbaycana gəlir və özü ilə bir neçə turizm şirkəti də gətirir. Bu o deməkdir ki, bu ölkə Bakıda keçirilən sərgini dövlət səviyyəsində dəstəkləyir. Bunlar ötənilki sərgidə də milli stendlərlə çıxış etmişdilər.

- «AİTF 2011»in tərəfdaşı yenə Türkiyə Respublikasıdır. Tərəfdaş ölkənin funksiyası nədən ibarətdir?

- Tərəfdaş ölkə sərginin sponsoru qismində çıxış edir. Məlumdur ki, azərbaycanlılar istirahət üçün daha çox Türkiyəni seçirlər. Xüsusilə yay mövsümündə bu ölkəyə gedənlərin sayı artır. Son 2-3 ildə Antalyaya, Bodruma birbaşa uçuşların sayı da çoxalıb. Builki sərgidə Türkiyənin İzmir bölgəsinin bir vilayəti də ilk dəfə təmsil olunur. Artıq Bakı-İzmir birbaşa uçuşlar da açılıb. Hər bir beynəlxalq turizm sərgisində hansısa bir ölkə tərəfdaş və ya qonaq ölkə qismində iştirak edir. Biz də iki ildir Türkiyəni tərəfdaş seçirik, bu da təsadüfi deyil. Türkiyə ilə bizim turizm sahəsində əməkdaşlığımız ildən-ilə genişlənir.

 

- Bu il Azərbaycanda ikinci dəfə ümumrespublika daxili turizm sərgisi də keçiriləcək. Daxili sərginin AİTF ilə bir yerdə keçirilməsi sizin sərginin effektini nə qədər artırır?

- Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi yenidən “AITF” sərgisi ilə birgə keçiriləcək. Sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edəcək, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirəcək və “AITF 2011” sərgisinin qonaqlarını və iştirakçılarını bir sərgi meydançası daxilində Azərbaycan xalqının rəngarəng və zəngin folkloru, mətbəxi və ənənələri ilə tanış edəcəkdir.Bu sərginin keçirilməsi bir neçə istiqamətdən əhəmiyyətlidir. İlk növbədə yerli ziyarətçilərimiz Azərbaycanın regionlarında istirahət etmək imkanları ilə tanış ola bilirlər. Digər tərəfdən isə xarici ölkələrdən gələn şirkətlər ayrı-ayrı regionların turizm potensialı, mətbəxi, istirahət məkanları, mədəniyyəti haqqında ətraflı məlumatlar ala bilir. Daxili sərgi həm də bizim sərgini rəngarəng edir. Xarici şirkətlərə təkliflərimizi verəndə daxili sərgi ilə bağlı məlumatlar onları çox cəlb edir və bu da iştirakçıların sayının artmasına müsbət təsir göstərir. Bu il ötən illə müqayisədə iştirakçılarımızın sayında 20-25 faiz artım müşahidə olunub.

Sərgini hansı strukturlar  dəstəklənir?

Sərgi, bünövrəsi qoyulduğu gündən etibarən, ənənəvi olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Və Biz fürsətdən istifadə edərək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığımızı bildirək və cənab Naziri və bütün işçilərini yubiley münasibəti ilə təbrik edək.  Bundan əlavə, sərgiyə Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir.

Fəxriyyə Abdullayeva

 

 

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek